Acılardan keçən şirin həyat
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 1-dən başlanan və bu gün başa çatan respublika bal yarmarkasının ilk sıralarında Balakən və Zaqatala rayonlarından olan arıçılar öz məhsullarını alıcılara təqdim edirlər. Onların arasında Zaqataladan olan 22 yaşlı Maksim Voskresenski də var. Maksim builki yarmarkaya 400 kiloqram məhsul çıxarıb və yarmarkada satışa çıxardığı bal sonuncu kiloqramınadək satılıb.
Maksim öz ailə üzvləri ilə birlikdə 150 arı ailəsi saxlayır. Arıçılıq Voskresenskilərin ailəsinin dədə-baba peşəsidir. Onun babası Gennadı öz peşəsini əvvəlcə oğlanlarına öyrədib. Atası Nikolay da atasından qardaşı Mixailə keçən bu sənəti oğlu Maksimə öyrədib. Onların ailəsi uzun illərdir ki, bu peşə ilə məşğul olur. May balı istehsal etmək üçün onlar arı yeşiklərini Zaqatala rayonunun Mosul, cökə balı istehsalı üçün Qəbizdərə, şabalıd balı istehsalı üçün Car kəndinə aparırlar. Voskresenski ailəsinin satışa çıxardığı məhsullara həmin kəndlərin çiçəklərinin ətri hopub.
Ailə ənənəsinə uyğun olaraq bu peşəyə yiyələnən Maksimin həyatının acı və unudulmaz günləri də olub...
AZƏRTAC xəbər verir ki, Vətən müharibəsinin ilk günündən son gününədək döyüşün ön sıralarında olan Maksim Voskresenski “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
O, iki il əvvəl baş verənləri xatırlayaraq deyib: “Haqq savaşı başlayanda minaatan batareyada hərbi xidmətdə idim. Biz Lələtəpə ətrafında mövqe tutan döyüşçülərə hərbi sursat daşıyırdıq. Bizim hərbi hissə ilk günlərdən döyüş əməliyyatına qoşulmamışdı, yalnız təchizat məsələləri ilə məşğul olurduq”.
Maksim sentyabrın 29-da atası ilə telefonla danışarkən elə belə də deyib: “Ata, müharibə getsə də, biz döyüş əməliyyatlarında iştirak etmirik. Ona görə də məndən nigaran qalmayın. Hər şey yaxşıdır”.
Həmin danışıqdan yarım saat sonra isə ermənilərin atəşi nəticəsində üzündən, sol əl və sol ayağından çoxsaylı qəlpə yaraları alıb. Bir-birinin ardınca bir neçə hospitallarda müalicə olunub. Onu əvvəlcə Şirvana aparıblar, sonra Neftçala, Salyan, Ağcabədi, daha sonra isə Goranboy və Beyləqan...
Sağalan kimi yenidən döyüş meydanına qayıdıb. Bir neçə gün düşməndən azad edilmiş Hadrutda mövqe tutduqdan sonra Xocavəndin kəndlərinin azad edilməsində iştirak edib. Maksimin döyüş yolu Şuşa ətrafındakı kəndlərin təmizlənməsindən də keçib. “Bizim mövqelərimiz elə idi ki, şəkil çəkdirməyə də vaxt yox idi, bir an da olsun sayıqlığı itirmək olmazdı. Göyçaydan olan əsgər yoldaşım Elçinin itkisi məni indiyədək göynədir. O da atıcı idi. Son döyüşdə o, dağın yuxarı hissəsində, mən isə aşağıda mövqe tutmuşduq. Düşmən atəşi nəticəsində onun hər iki ayağı sınmışdı və elə səngərdəcə şəhidliyə ucalmışdı. Həmin günlərdə çəkilmiş yeganə bir şəklim var. Şəkil Şuşaətrafı kəndlərin birində çəkilib. Əsgər yoldaşlarımla üçmərtəbəli villanın həyətində əlimdə tava dayanmışam, villanın həyətində isə çarhovuz da var idi. Ondan başqa Vətən müharibəsi günlərini əks etdirən fotom yoxdur”, - deyə Vətən müharibəsinin iştirakçısı xatırlayır.
Cəsur döyüşçü noyabrın 8-də Şuşaya ayaq basanlardan olub, onun küçələrini, dalanlarını dolaşıb. Qələbə sevincini də orada yaşayıb. 2021-ci ilin yayında isə hərbi xidmətini başa vuraraq geri qayıdıb.
Maksim hələ gəncdir, subaydır, onun həyatının ən xoş günləri hələ irəlidədir. Həyatın bal kimi şirin günlərini yaşamaq isə onun haqqıdır...