Abşeronda Gənclər Günü qeyd edilib
Xırdalan, 2 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Xırdalandakı Heydər Əliyev Mərkəzində 2 fevral - Gənclər Günü qeyd edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının və rayon Ağsaqqallar Şurasının sədrləri, şəhidlərin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon fəal gəncləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak edib.
AZƏRTAC xəbər verir ki, iştirakçılar şəhərin mərkəzində ucalan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.
Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edildikdən sonra iştirakçılar Abşeron rayonunda təhsil alan məktəblilərin əl işləri və rəsmlərindən ibarət sərgi ilə tanış olublar.
Mərkəzin akt zalında keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon gənclərini bayram münasibətilə təbrik edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Gənclər Günü təsis edilib. Bunun Ümummilli Liderin gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşmasının bariz nümunəsi olduğunu önə çəkən rayon rəhbəri qeyd edib ki, Azərbaycanda müasir gənclər siyasəti 1994-cü ildən həyata keçirilir. Həmin il Gənclər və İdman Nazirliyi təsis edilib və bununla da ölkəmizdə yeni gənclər siyasəti dövrü başlayıb. 1996-cı il fevral ayının 2-də keçirilən Azərbaycan gənclərinin I Forumu gənclərə yeni çağırışlarla tarixi hadisəyə çevrildi.
1997-ci ildə ümummilli lider Heydər Əliyev 2 fevral - Gənclər Günü ilə bağlı Sərəncamını qeyd edən natiq deyib ki, həmin tarixdən etibarən ənənəvi olaraq 2 fevral Azərbaycanda gənclərin bayram günü kimi təntənəli şəkildə qeyd edilməyə başlayıb.
Bildirilib ki, Prezident İlham Əliyevin 2007-ci ilin fevralın 9-da “Gənclər İli” elan edilməsi barədə imzaladığı Sərəncamla gənclərin ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli şəkildə həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi istiqamətində mühüm işlər görülüb.
Torpaqlarımızın azadlığı uğrunda döyüşən, 30 illik erməni işğalına son qoyan igidlərimizin Azərbaycanın müstəqilliyi dövründə yetişən, formalaşan gənclik olduğunu qeyd edən Abdin Fərzəliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın Qələbə qazandığını və artıq qalib xalq olaraq ərazi bütövlüyümüzü tam təmin etdiyimizi bildirib: “Biz Abşeron Rayon İcra Hakimiyyəti olaraq daim gənclərimizin, qazilərimizin, şəhid ailələrinin yanındayıq və onlara hər zaman dəstək göstərməyə hazırıq”.
Təbriklərlə çıxış edən digər natiqlər gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətini qeyd edərək ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlarından, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən çoxsaylı müsbət nəticələrdən danışıblar.
Tədbirin sonunda ölkəmizin azadlığı uğrunda Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında döyüşlərə qatılan gənc qazilərə və eləcə də, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.
Rəsmi hissədən sonra respublikanın tanınmış incəsənət ustalarının və Abşeron məktəblilərinin hazırladığı musiqili proqram təqdim olunub.