161 həkim sertifikat almışdır
Bakı, 21 fevral (AZƏRTAC). Səhiyyə Nazirliyində praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislərə sertifikatların təqdim edilməsi ilə bağlı mərasim keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mərasimi giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevin Fərmanı əsasında keçirilən sertifikasiya prosesinin çətin və məsuliyyətli olduğunu və imtahanların şəffaf keçirilməsi üçün bütün imkanlardan istifadə edildiyini bildirmişdir. Bu prosesin gələcəkdə də həyata keçiriləcəyini deyən nazir əhalinin həkim savadsızlığının qurbanı olmayacağını nəzərə çatdırmışdır.
Ölkə həkimlərinə son illər etimad və inamın artmasından danışan nazir eyni zamanda nöqsanlara da toxunmuşdur. Dövlətimizin başçısının korrupsiyaya qarşı mübarizəyə dair tapşırıqlarını tədbir iştirakçılarına xatırladan O.Şirəliyev nöqsanların aradan qaldırılması naminə görülən və görüləcək işlər haqqında məlumat vermişdir.
Sonda nazir sertifikat alan 161 həkimi təbrik etmiş, onlara bundan sonra da işlərinə tam məsuliyyətlə yanaşmağı tövsiyə etmişdir. Ən yüksək bal toplamış həkim-mütəxəssisə ilk sertifikat Oqtay Şirəliyev tərəfindən təqdim olunmuşdur.